Məqalədə II Sultan Əbdülhəmid dövründə Türkiyədə fəaliyyət göstərən satirik mətbuatla “Molla Nəsrəddin” jurnalı müqayisəli şəkildə təhlilə cəlb edilir. Türk sultanının otuz üç illik hakimiyyəti illərində Osmanlıda satirik qəzet və jurnallar nəşr edilməmiş, ancaq mövcud rejim, siyasi situasiya satira və həcvin daha da artmasına gətirib çıxarmışdır. Ölkə xaricinə çıxan Gənc Türklər yaşadıqları dövlətlərdə Əbdülhəmidi ifşa edən həcv və karikaturaların yer aldığı satirik qəzet və jurnallar nəşr etdirmişlər.
Şərq istibdadı ilə qarşı-qarşıya dayanan “Molla Nəsrəddin” jurnalı nəşrə başladığı dövrdən İran və Türkiyə müstəbidlərini, şah və sultanların xalqa zidd qayda-qanunlarını, despotizmi, şəriət ehkamlarını, zülm və işgəncələr altında əzilən müsəlman dünyasının faciəli taleyini yana-yana öz səhifələrində yazıb insanları fəal mübarizəyə səsləyirdi. “Molla Nəsrəddin” jurnalı ilk sayından başlayaraq zülm və istibdada qarşı çıxmış, Şərq dünyasını kölə vəziyyətinə salan İran və Türkiyə şahlarını, sultanlarını tənqidə məruz qoymuşdur. Məhəmmədəli şah, Sultan Əbdülhəmid, Atabəy Mirzə Ələsgər xan, Zilli Sultan, Rəhim xan, Səməd xan Şücaüddövlə, Murtuzaqulu xan kimi müstəbid və despotlar jurnalın əsas tənqid hədəfləri olmuşdur.
Sultan Əbdülhəmid zamanında satirik mətbuatda karikatura janrı Fransa və Amerika karikatura ənənələrindən bəhrələnərək Qərb yönümündə inkişaf etmişdir. Çünki mövcud rejimin basqıları səbəbilə satirik mətbuat xarici ölkələrdə fəaliyyət göstərmişdir. İngiltərədə “Hayal” (1895), “Hamidiye” (1896), “Dolab” (1900), “Abdülhamid” (1900); Kıprısda “Akbaba” (1897), “Kokonoz” (1897); İsveçrədə “Beberuhi” (1898), “Tokmak” (1901); Misirdə “Pinti” (1898), “Deccal” (1904), “Zuhuri” (1905), “Curcuna” (1906), “Laklak” (1907); Fransada “İncili Çavuş” (1897) və başqa satirik mətbuat orqanlarında Türkiyənin ictimai-siyasi, ədəbi və mədəni həyatındakı çatışmazlıqlar, eyib və qüsurlar əsas tənqid hədəfi seçilmişdir. Bu satirik dərgilərdə II Sultan Əbdülhəmid “despot”, “quldur”, “basqıçı”, “saxtakar”, “zalım”, “əliqanlı”, “qadın və uşaq qatili”, “gerizəkalı” bir cani kimi təsvir edilmişdir. O, Türkiyədə satirik mətbuatın fəaliyyətini dayandırmış və yuxarıda adları qeyd olunan qəzet və dərgilər ölkə xaricində nəşr olunmuşdur. Hətta Sultan Əbdülhəmid bu satirik mətbuat orqanlarının Türkiyəyə daxil olmasına ciddi qadağalar qoymuşdur.
II Sultan Əbdülhəmid Türkiyə satirik mətbuatı “Hamidiye” “Akbaba” “Kokonoz” “İncili Çavuş” “Pinti” “Dolab” “Abdülhamid” “Tokmak” “Deccal” “Curcuna” “Laklak”
Birincil Dil | Türkçe |
---|---|
Konular | İletişim Çalışmaları |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 29 Aralık 2024 |
Gönderilme Tarihi | 30 Ekim 2024 |
Kabul Tarihi | 28 Aralık 2024 |
Yayımlandığı Sayı | Yıl 2024 Cilt: 2 Sayı: 2 |