Bəşəriyyət müxtəlif sivilizasiyalardan keçsə də, texnologiya sürətlə inkişaf etsə də, cinayət faktoru daim dünyanın ən qaranlıq guşələrində mövcud olmuşdur. Pul, qısqanclıq, hakimiyyət üzərində gedən çaxnaşmalar, qəzəblərinə məğlub olan insanlar bəşəriyyətin bütün dövrlərində cinayətlərə yol açan vacib faktorlardandır. Cinayət, cinayətkarın cəzalandırılması, ədalətin bərpa olunması, bir sözlə, bu motivin kökləri qədim zamana qədər uzanır və müxtəlif xalqların dini görüşlərində, mifologiyasında da öz əksini tapmışdır. Bütün bu ünsürlər ədəbiyyatda detektiv növün yaranmasına şərait yaratmışdır. Fərqli zaman kəsiklərində müxtəlif ölkələrin ədəbiyyatında detektiv nəsr formalaşmışdır. Azərbaycan ədəbiyyatının tanınan nümayəndəsi Cəmşid Əmirov “Sahil əməliyyatı” povestini 1958-ci ildə çap etdirməklə ədəbiyyatımızda detektiv nəsrə cığır açmış, Qazax ədəbiyyatında isə detektiv nəsrin əsası görkəmli ədib Kemel Tokayevin XX ərin 50-ci illərində qələmə aldığı “Daşqın” povesti ilə qoyulmuşdur. Tədqiqat işində Azərbaycan ədəbiyyatında detektiv nəsrin yaradıcısı olan Cəmşid Əmirovun “Brilyant məsələsi” və Qazax ədəbiyyatının görkəmli nümayəndəsi, detektiv nəsrin əsasını qoyan Kemel Tokayevin “Damğalı qızıl” povestlərində polis detektivinin xüsusiyyətləri araşdırılmışdır. Hər iki bədii əsərin mövzu və ideya problemi, polis detektivinin səciyyəvi xüsusiyyətləri və prinsipləri, müəlliflərin yaradıcılıqlarında oxşar və fərqli cəhətlər və s. kimi məsələlər tədqiq olunmuşdur. Cəmşid Əmirovun “Brilyant məsələsi” və Kemel Tokayevin “Damğalı qızıl” povestlərinin detektiv cəhətdən təhlil obyektinə çevrilməsi, müqayisəli təhlil metodu vasitəsilə iki əsərin təhlil olunması tədqiqatın yeniliyi hesab edilə bilər.
Birincil Dil | Azerice |
---|---|
Konular | Güney-Batı (Oğuz) Türk Lehçeleri ve Edebiyatları |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 27 Temmuz 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Sayı: 1 |