Ethical Principles and Publication Policy

 “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda il ərzində iki dəfə (iyun və dekabr aylarında) nəşr olunan beynəlxalq rəyçili jurnaldır.
“Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq jurnalı ədəbiyyat sahəsində yüksək keyfiyyətli elmi məqalələr dərc etmək məqsədi ilə aşağıda göstərilən etik prinsiplərə və qaydalara uyğun olaraq nəşr olunan rəyçili jurnaldır. “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq jurnalına göndərilən məqalələr ikiqat nəzərdən keçirmə (peer review) prosesi ilə qiymətləndirilir və ödənişsiz əsaslarla həm elektron, həm də çap şəkildə dərc olunur. İkiqat nəzərdən keçirmə (peer review) qərəzsiz, obyektiv və müstəqil qiymətləndirmə prosesini təmin etmək üçün müəlliflərin rəyçilərdən, rəyçilərin isə müəlliflərdən gizli saxlanılması prosesidir.
Aşağıda müəlliflərin, jurnal redaktorunun, rəyçilərin və naşirin etik məsuliyyətləri, funksiya və vəzifələri verilmişdir. Aşağıdakı etik prinsiplər və qaydalar “Nəşr Etikası Komitəsi”nin (COPE) direktivlərinə uyğun olaraq hazırlanmışdır. Digər tərəfdən, “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalında plagiat və qeyri-etik davranış kimi qiymətləndirilən hallar barədə məlumat verilmişdir.
Müəllif(lər) üçün:
• “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalına göndərilən məqalələr müvafiq sahə üzrə elmi keyfiyyətə və orijinallığa malik olmalıdır.
• Məqalələrdə istifadə olunan bütün mənbələr (müəlliflər, onlayn səhifələr, şəxsi müsahibələr və s.) dəqiq və qaydalara uyğun şəkildə göstərilməlidir.
• Etik qaydalara, elmi istinad və plagiat qaydalarına əməl edilməməsindən irəli gələn hər hansı məsuliyyət müəllif(lər)ə məxsusdur. Müəlliflər təqdim etdikləri məqalələrin orijinallığına görə məsuliyyət daşıyırlar. Müəlliflər əlyazmanın əvvəllər heç bir başqa yerdə, hər hansı dildə nəşr olunmadığını və ya nəşr üçün nəzərdə tutulmadığını bəyan etməli və müvafiq müəllif hüquqları müqavilələrinə, eləcə də, qanunlara riayət etməlidirlər.
• Müəlliflər eyni zamanda jurnala birdən çox məqalə göndərməməlidirlər.
• Müəlliflər məqalələrini sistemə yükləyərkən MS Word formatından istifadə etməli və sənəd daxilində şəxsi məlumatları yazmamalıdırlar.
• Çoxmüəllifli məqalələrdə bütün müəlliflərin işə əhəmiyyətli töhfə verməsi vacibdir. Tədqiqata töhfə verməyənlərin adlarının daxil edilməsi və ya əməyi keçənlərin adlarının daxil edilməməsi qəbuledilməzdir. Çoxmüəllifli məqalələrdə məqalə şablonunda olan formata uyğun olaraq məqalənin sonuna müəlliflərin funksiyaları (hansı müəllifin işə necə töhfə verdiyi) əlavə edilməlidir.
• Müəlliflər işlərində səhv aşkar etdikdə, redaktoru və redaksiya heyətini məlumatlandırmalı, düzəliş və ya geri çəkilmə prosesində əməkdaşlıq etməlidirlər.

Rəyçi(lər) üçün:
• Rəyçilərdən yalnız öz ixtisas sahələrinə aid məqalələrə rəy vermək tələb olunur.
• Rəyçilərdən hər hansı maraqların toqquşması olmayan məqalələrə rəy vermələri gözlənilir. Rəyçilər məqalədə hər hansı şəxsi maraqların toqquşması halı ilə üzləşdiklərində redaktoru məlumatlandırmalı və müvafiq məqaləni qiymətləndirməkdən imtina etməlidirlər.
• Rəyçi qərarları obyektiv və qərəzsiz olmalıdır. Rəyçilər məqalənin yazılması prosesinə hər hansı töhfə vermişlərsə, məqaləni və müəllifi tanıyırlarsa, məqaləni qiymətləndirməkdən imtina etməlidirlər.
• Rəyçilər məqalənin qiymətləndirilməsi formasını tam olaraq doldurmalı, rədd qərarı olduqda isə rəyçi hesabatında əsaslandırma bölməsində qeyd etməlidirlər. Rəyçilər müvafiq vəzifəni icra etdikləri müddətdə əldə etdikləri məlumatdan özlərinin, başqasının və ya qurumun xeyrinə və ya zərərinə istifadə etməməlidirlər.
• Rəyçilər müəllif tərəfindən istinad edilməyən, lakin mövzuya uyğun gələn nəşrləri göstərməlidirlər. Əgər məqalədə müəllif hüquqlarının pozulması və ya plagiat varsa, bu barədə müvafiq redaktora məlumat verməlidirlər.
• Rəyçilər təqdim olunan məqalələrin məzmununun onun elm sahəsinə və ya biliyinə uyğun olmadığını düşündükdə və ya tələb olunan zaman müddətində qiymət verə bilmədikdə bu barədə redaktora məlumat verməli və qiymətləndirmə prosesindən imtina etməlidirlər.
• Rəyçilərdən onlara verilən vaxt ərzində öz qiymətləndirmələrini tamamlamaları tələb olunur və burada göstərilən etik məsuliyyətlərə əməl etmələri gözlənilir.

Redaktor(lar) üçün:
Redaktorun etik vəzifə və məsuliyyətləri aşağıdakılardır:
• Jurnalda dərc olunan bütün məqalələrə görə redaktor məsuliyyət daşıyır.
• Redaktor məqaləni qiymətləndirməzdən əvvəl rəyçilərdən məqalə ilə bağlı maraqların toqquşmasının olmadığını bildirmələrini tələb etməyə borcludur.
• Redaktor rəyləndirmə prosesinin ikiqat nəzərdən keçirmə (peer view) ilə həyata keçirilməsini təmin etməli, rəyçiləri müəlliflərə və ya müəllifləri rəyçilərə açıqlamamalıdır.
• Qiymətləndirmələr ən azı iki rəyçinin rəyi əsasında aparılır, biri qəbul və biri rədd edildikdə üçüncü rəyçinin rəyi alınır. Nəşr üzrə yekun qərar iki müsbət rəy alındıqdan sonra verilir.
• Əgər redaktor jurnala göndərilən məqalənin yazılmasında iştirak edibsə, məqalənin qiymətləndirilməsi prosesi redaktor köməkçisi tərəfindən həyata keçirilir.
• Jurnalda tamamlanmış məqalələrin sıxlığından və redaktorun ixtiyarından asılı olaraq, rəyləndirmə prosesi başa çatmış məqalələr ardıcıllıqla dərc olunur.
• Redaktor rəyçiləri onların vaxtına və fəaliyyətinə görə qiymətləndirməlidir.
• Redaktor rəyçilərin məlumat bazasını yaratmalı və rəyçilərin fəaliyyətinə uyğun olaraq məlumat bazasını yeniləməlidir.
• Redaktor kobud və keyfiyyətsiz şərhlər yazan və ya gec rəy verən rəyçiləri siyahıdan çıxarmalıdır.
• Redaktor rəyçilərin ixtisas sahələrinə uyğun olaraq rəyçilər siyahını daim yeniləməli və genişləndirməlidir.
• Redaktor yazı və nəşr təlimatları üzrə müəllifləri onlardan nə gözlənildiyi ilə bağlı daim yeniləməlidir.
• Redaktor jurnala göndərilən məqalələri jurnalın yazılma qaydaları, tədqiqatın əhəmiyyəti və orijinallığı baxımından qiymətləndirməli, ilk təqdimetmə prosesində məqalədən imtina etmək qərarına gələrsə, bunun səbəbini aydın və qərəzsiz şəkildə müəlliflərə bildirməlidir. Bu proses zamanı məqalənin qrammatika, durğu işarələri və/yaxud orfoqrafiya qaydaları (müvafiq istinad və s.) baxımından dəyişdirilməsinə ehtiyac olduğu qərara alınarsa, bu barədə müəlliflərə məlumat verilməli və lazımi düzəlişlər etmək üçün vaxt verilməlidir.
• Dərc olunacaq məqalələrə görə məsuliyyət müəllifə, müəlliflik hüququ isə jurnala məxsusdur. Qəbul edilmiş etik standartlara uyğun gəlməyən bütün məqalələrin nəşrindən imtina edilir. Buraya dərc edildikdən sonra aşkar edilmiş mümkün pozuntuları və ya uyğunsuzluqları ehtiva edən məqalələr də daxildir.

Last Update Time: 5/6/24, 4:06:12 PM