Bu
gün Azərbaycan Türk tariximizin, ədəbiyatımızın, fəlsəfəmizin, mədəniyyətimizin
konsepsiyasının olması ya da olmaması haqqında birmənalı fikir bildirmək çox
çətindir. Buna başlıca səbəblərdən biri, bəlkə də birincisi həmin məsələlər
üzərindən Sovet-Rus, İran-Fars bütövlükdə Avropa-Qərb konsepsiyasının təsirinin
davam etməsidir. Yəni prinsipial olaraq yad amillərdən kənarda müstəqil
konsepsiya formalaşdırmaq yolunda çətinliklər olduğu üçün də tariximizin,
ədəbiyatımızın, fəlsəfəmizin, mədəniyətimizin hansı adla adlandırılmasından
tutmuş onun dərinliklərinə qədər bir çox məsələlər açıq qalmaqdadır. Deməli, bu
sahələrdəki çatışmazlıqlar, yarımçılıqlar ilk növbədə yad təsirlərdən kənarda
müstəqil konsepsiyanın olmamasıyla bağlıdır. Bizcə, Şimali Azərbaycanda ötən 25
il ərzində müstəqil konsepsiya formalaşdırmaq əvəzinə Sovet-Rus, İran-Fars
bütövlükdə Avropa-Qərb konsepsiyasının uzantılarına əsaslanan hansısa işlərin
görülməsi görüntüsü ortaya qoyulmaqdadır. Şübhəsiz, yadelli konsepsiyanın
uzantılarına əsaslanan nəzəriyyələr, düşüncələr isə Azərbaycanlığımız,
Oğuzluğumuz və Türklüyümüz haqqında toplumda nəinki doğru-dürüst bilik verir,
əksinə ortada olan bəlli aydınlaşdırıcı bilgiləri də dumanlaşdırır.
Bizlər,
yəni Turan-Oğuz-Türk-Azərbaycan ruhlu sistemi bərpa edərək müstəqil konsepsiya
ortaya qoymaq istəyənlər də (mən də daxil olmaqla), bunu etmək əvəzinə daha çox
yadelli konsepsiyalara cavab verməklə məşğuldurlar. Hesab edirik ki, əgər
yadelli konsepsiyalara tutarlı arqumentlərlə cavab verə bilsək, o zaman həqiqət
ortaya çıxacaq, bununla da hər şey öz həllini tapmış olacaqdır. Burada istək
doğru olsa da, amma prinsip etibarilə əsas məsələ bu olmamalıdır. Yəni bizlər
üçün önəmli olan milli metodologiyadan çıxış edərək Turan-Oğuz-Türk-Azərbaycan
ruhlu bütövlük konsepsiyasını ortaya qoymaq olmalıdır. Bu zaman da yadelli
konsepsiyaların metodologiyasından yan qaçılmalı, milli konsepsiyamız
Turan-Oğuz-Türk-Azərbaycan ruhuna əsasən yazılmalıdır.
Bölüm | Makaleler |
---|---|
Yazarlar | |
Yayımlanma Tarihi | 31 Aralık 2016 |
Yayımlandığı Sayı | Yıl 2016 Cilt: 1 Sayı: 2 |